Daşkənddə Əmir Teymurun ildönümü ilə bağlı tədbir keçirilib
Daşkənd, 14 aprel, АZƏRTAC
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti nəzdində “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi böyük sərkərdə Əmir Teymurun 682-ci ildönümü ilə bağlı seminar keçiriblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Əmir Teymurun həyatı və sərkərdə kimi fəaliyyəti haqqında məlumat verib.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan ilə Özbəkistan arasında dostluq əlaqələrindən danışıb. O, ölkəmizdə keçirilən prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazandığını qeyd edib, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dövlətimizin başçısını təbrik etdiyini bildirib.
Sonra Samir Abbasov Əmir Teymuru türk dünyasının böyük sərkərdəsi və şəxsiyyəti kimi təhlil edib, “Əmir Teymur Azərbaycan ədəbiyyatında” mövzusunda məlumat verib. Bildirib ki, böyük Azərbaycan şairi Hüseyn Cavidin “Topal Teymur” əsəri çox məşhurdur, Yunus Oğuzun “Əmir Teymur dünyanın hakimi və “Əmir Teymur zirvəyə doğru” əsərləri bir çox dünya ölkələrində çap olunub. Bu mövzuda digər əsərlər də var.
Universitetin dosentləri Azadə Raxmatulalyeva və Gülbahar Aşurova Teymurilər dövrü barədə məruzələr ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd