DÜNYA
Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı bilik salonunun açılışı olub
Daşkənd, 27 noyabr, AZƏRTAC
Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında (ÖMK) Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) bilik salonunun açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, ŞƏT-in Çindəki Dostluq və Əməkdaşlıq Komitəsinin (DƏK) və Daşkənddəki Xalq Diplomatiyası Mərkəzinin (XDM) təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. XDM-nin direktoru Raxmatulla Nazarov bildirib ki, rəhbərlik etdiyi mərkəzin və bilik salonunun yaradılmasında məqsəd Özbəkistanla ŞƏT üzvü olan, müşahidəçi ölkələr və dialoq üzrə tərəfdaş dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsindən ibarətdir və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.
DƏK sədrinin müavini Suy Li ölkələr arasında mədəniyyət, elm, təhsil proqramlarının həyata keçirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, müxtəlif sərgilərin, festivalların, incəsənət bayramlarının təşkili ilə bağlı təkliflərini bildirib.
Diqqətə çatdırılıb ki, bilik salonunda bu ölkələrin tarixi, ədəbiyyatı, mədəniyyəti, milli adət-ənənələri ilə bağlı özbək, rus, Çin və digər dillərdə 300-dən çox ədəbiyyat toplanıb.
Sonda XDM ilə ÖMK arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Xatırladaq ki, Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd