REGİONLAR
“Daşkəsən Filizsaflaşdırma” müəssisəsində Qurban bayramının sevinci yaşanıb
Daşkəsən 31 avqust, Rauf Hacıyev, AZƏRTAC
“Daşkəsən Filizsaflaşdırma” ASC-də Qurban bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Kombinatın inzibati binasında təşkil olunmuş bayram tədbirində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, “Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixli sərəncamı ilə "Daşkəsən Filizsaflaşdırma" ASC özəlləşdirilmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib və yaxın günlərdə həmin investisiya müsabiqəsi uğurla başa çatacaq.
O əminliyini ifadə edib ki, Azərbaycanda qara metallurgiya sahəsində potensial imkanlara malik, ölkəmizdə metallurgiya sənayesinin inkişafında əsas rol oynayan qabaqcıl poladəritmə müəssisəsi “Baku Steel Company” MMC kimi “Daşkəsən Filizsaflaşdırma” ASC də tezliklə ən müasir texniki avadanlıqlarla təchiz edilərək yenidən qurulacaqdır.
Qeyd edilib ki, kombinatın tam gücü ilə işə düşməsi, həm Daşkəsəndə işsizliyin aradan qaldırılmasına, həm də cəbhə boyu zonada yerləşən rayon sakinlərinin daimi işlə təmin olunmasına hərtərəfli şərait yaradacaq.
Daha sonra müəssisənin işçilərinə bayram sovqatları təqdim edilib.