MƏDƏNİYYƏT
DƏDƏ QORQUDUN HEYKƏLİNİN VƏ ‘DƏDƏ QORQUD DÜNYASI’ TARİXİ-ETNOQRAFİK KOMPLEKSİNİN YARADILMASI İLƏ BAĞLI MÜSABİQƏ ELAN OLUNMUŞDUR
Mədəniyyət Nazirliyi Dədə Qorqudun heykəlinin və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 1 aprel tarixli Fərmanına uyğun olaraq müsabiqə elan etmişdir. Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, müsabiqənin keçirilməsindən əsas məqsəd Azərbaycan xalqının və bütün türk dünyasının qədim və zəngin mədəniyyətinin möhtəşəm abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanını və onun qəhrəmanlarını yaşadan orijinal layihəni müəyyən etməkdir. Müsabiqə açıq şəkildə keçirilir. Burada ayrı-ayrı yaradıcı şəxslər və eləcə də yaradıcı qruplar, habelə dövlət, özəl və ictimai təşkilatlar iştirak edə bilərlər. Müsabiqə üçün layihələr 2003-cü il sentyabrın 1-dək dəqiq işlənmiş maket şəklində qəbul olunur. Müəllifin yaradıcı tərcümeyi-halı, layihədə istifadə olunacaq materiallar, onun ölçüləri haqqında məlumat, layihənin onun üçün ayrılmış sahədə vizual yerləşdirmə eskizi və planı da sənədlərə əlavə edilməlidir. Layihələr Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təqdim edilir. Maraqlananlar 93-02-04 nömrəli telefona zəng etməklə əlavə məlumat ala bilərlər.