SİYASƏT
Deputat: Azərbaycan dövləti dağıdılmış bölgələri bərpa edəcək və orada həyat yenidən öz axarına düşəcək
Bakı, 1 dekabr, AZƏRTAC
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atmadan geri qaytardı. Üçtərəfli bəyanatın nəticəsi olaraq Azərbaycanın mürəkkəb relyefə, yaradılmış müdafiə sistemlərinə malik rayonları heç bir itki vermədən işğaldan azad etməsi təqdirəlayiqdir. Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı və bununla da ölkəmiz ərazi bütövlüyünü təmin etdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
M.Cəfərov xatırladıb ki, 1988-1993-cü illər xalqımızın tarixinə ən ağır illər kimi daxil olub. Mövcud şəraitdən istifadə edən Ermənistan Azərbaycana qarşı ərazi iddiası qaldıraraq şəhərlərimizi, kəndlərimizi işğal edib. Dağlar qoynunda yerləşən və öz gözəlliyi ilə göz qamaşdıran, hər daşında bir sirr yatan Laçın isə 1992-ci ildə düşmənə təslim edilib. Şuşa kimi, Laçın da mühüm hərbi-strateji əhəmiyyətə malik ərazilərdəndir. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə tutuldu. Beləliklə, Şuşanın işğalı Laçın rayonunun da taleyini həll etdi. Xəyanət və məsuliyyətsizlik nəticəsində Dağlıq Qarabağın, ümumiyyətlə, Azərbaycanın gələcək taleyi - ərazi bütövlüyü üçün təhlükə yarandı. Laçının işğalı ilə Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz yarandı. Həmin dövr Ermənistan siyasi-hərbi rəhbərliyi üçün Laçının mövqeyi olduqca vacib idi, rayonun işğalı ilə Dağlıq Qarabağın taleyi həll olunurdu.
Deputat bildirib ki, Laçın rayonunun işğalından sonra sərvəti talan olunaraq Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz məhv edildi. Dünyada ən nadir ağac növlərindən sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri ilə zəngin olan Laçınımız düşmən tapdağı altına düşdü. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. “İşğalçı Ermənistan Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq, Laçında coğrafi adları dəyişdirdi, rayonun təbii resurslarını talan etdi. Buranı qazanc mənbəyinə çevirən düşmən qanunsuz məskunlaşma siyasəti də aparmaqdan çəkinmədi. Suriyadan olan erməni əsilli qaçqınlar Laçında və digər ərazilərimizdə yerləşdirildi”, - deyə deputat vurğulayıb.
Müşfiq Cəfərov diqqətə çatdırıb ki, Azərbaycan dövləti dağıdılmış bölgələri bərpa edəcək və burada həyat yenidən öz axarına düşəcək. Azərbaycan Prezidentinin Fərmanı əsasında artıq işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb və praktiki tədbirlərin həyata keçirilməsinə başlanılıb. İnanırıq ki, Azərbaycanın gücü, potensialı və strateji yanaşması bölgədə yeni reallıq yaradacaq. Güclü və böyük iqtisadi potensiala malik ölkəmizin işğaldan azad edilmiş ərazilərinin ən qabaqcıl standartlara uyğun yenidən bərpa olunacağı və orada yaşayan əhalinin rifahı üçün bütün addımların atılacağı şübhəsizdir”, - deyə deputat qeyd edib.