ELM VƏ TƏHSİL
DİM: Nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir
Bakı, 3 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi martın 5-6-da tam (11 illik) respublikanın 30 şəhər və rayonunda orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3620 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 216 ümumi imtahan rəhbəri, 586 imtahan rəhbəri, 4506 nəzarətçi-müəllim, 442 buraxılışı rejimi əməkdaşı (mühafizə), 216 bina nümayəndəsi cəlb edilib.
Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib. İmtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və digər qismdə yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.
İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.
DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə Mərkəzin saytında tanış olmaq mümkündür.
Martın 5-də keçiriləcək imtahanlarda 22 min 902, martın 6-da keçiriləcək imtahanlarda isə 24 min 824 nəfər olmaqla, ümumilikdə 47 min 726 şagirdin iştirakı nəzərdə tutulur.