CƏMİYYƏT
Dini icmalar Biləsuvar rayonunun ictimai həyatında yaxından iştirak edirlər
Biləsuvar, 27 iyun (AZƏRTAC). İyunun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Biləsuvar Rayon İcra Hakimiyyəti ilə birgə “Dövlət-din münasibətləri” mövzusunda keçirdiyi seminar-treninqdə ölkədə dini dəyərlərə dövlət qayğısı və qarşıda duran vəzifələr əsas müzakirə mövzusu olmuşdur.
AZƏRTAC xəbər verir ki, rayonun icra strukturları nümayəndələrinin, bələdiyyə sədrlərinin, dindarların və dini icma, ictimaiyyət və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdikləri seminar-treninqdə milli və dini dəyərlərə dövlət qayğısından söhbət açılmışdır. Bildirilmişdir ki, bunun nəticəsi kimi rayonda sağlam mühit formalaşmışdır. Kənd və qəsəbələrdə məscidlər təmir olunmuşdur. Dini icmalar rayonun ictimai həyatında yaxından iştirak edirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dövlət-din siyasətinin həyata keçirilməsi, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkədə tolerantlıq mühitinin qorunub saxlanmasından danışmışdır.
Qeyd edilmişdir ki, Azərbaycanda dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir və dini icmalar fəaliyyətlərində məhz buna əsaslanmalıdırlar.
Dindarlar yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Seminar-treninqdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.