CƏMİYYƏT
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi IT sahəsi üzrə könüllü proqramına başlayır
Bakı, 5 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) fəaliyyətində könüllülük proqramının təşkili prosesinə də yer ayıracaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məqsəd İKT ilə bağlı təbliğat və maarifləndirmə işinin aparılması, İKT sahəsi üzrə biliklərə yiyələnmək istəyən gənclərə dəstək olmaq, onlara nəzəri və praktiki təlimlər keçirilməsi, onların innovativ yeniliklərdən istifadəsinə şərait yaradılması, nəticədə “Rəqəmsal könüllülər ailəsi”nin formalaşdırılmasıdır.
Bu sahədə DOST Agentliyinin “Könüllü DOST” proqramında iştirak etmiş gənclərə və IT sahəsinə marağı ilə seçilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinə üstünlük verilib.
Hazırda mərkəzin mütəxəssisləri tərəfindən təcrübə keçəcək könüllülərin seçimi aparılır. İlkin mərhələdə 25-30 gəncin iki ay müddətinə könüllü proqramına cəlb edilməsi nəzərdə tutulur.