SİYASƏT
DÖVLƏT KOMİTƏSİ ÖTƏN 5 İL ƏRZİNDƏ AZƏRBAYCAN DİASPORUNUN TƏŞKİLATLANMASI İSTİQAMƏTİNDƏ XEYLİ İŞ GÖRMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, sentyabrın 28-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” beynəlxalq konfransında iştirak etmək üçün Bakıya gəlmiş Latviya Seymi sədrinin müavini xanım Karina Petersone ilə görüşmüşdür.
Latviyanın keçmiş inteqrasiya naziri kimi xanım Petersone Azərbaycan dövlətinin diaspor sahəsində yürütdüyü siyasət, Dövlət Komitəsinin fəaliyyəti ilə maraqlanmışdır.
Nazim İbrahimov bildirmişdir ki, 5 il əvvəl yaradılmış Dövlət Komitəsi ötən müddət ərzində Azərbaycan diasporunun təşkilatlanması istiqamətində xeyli iş görmüşdür.
Bu gün dünyada 300-dən çox Azərbaycan icma və birlikləri fəaliyyət göstərir. Diasporumuzun təşkilatlanması işi bu gün də uğurla davam etdirilir.
Dövlət Komitəsinin sədri onu da bildirmişdir ki, qarşıda duran mühüm məsələlərdən biri azərbaycanlıların yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, onların ictimai-siyasi fəallığının artırılmasıdır. Milli adət-ənənələrin, eləcə də ana dilinin unudulmaması üçün Dövlət Komitəsi müvafiq tədbirlər görür, xarici ölkələrdə bazar günü məktəblərini lazımi vəsaitlərlə təmin edir.
Söhbət zamanı Karina Petersone Latviyadakı Azərbaycan diasporunun da fəal olduğunu bildirmiş, diasporumuzun fəaliyyətinin daim izləndiyini və qarşılaşdıqları problemlərin həllinin diqqətdə saxlandığını söyləmişdir.
Görüşdə Milli Məclisin deputatı Məlahət Həsənova, Latviyanın Azərbaycandakı səfiri Mihail Popkovs və digər rəsmi şəxslər iştirak etmişlər.