İQTİSADİYYAT
Dövlət müstəqilliyimizin bərpasından ötən iyirmi ildə Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri geniş təhlil olunmuşdur
Bakı, 10 oktyabr (AZƏRTAC). Oktyabrın 10-da İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və “Xalq qəzeti”nin informasiya dəstəyi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda elmi- praktiki konfrans keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Sərəncama uyğun olaraq keçirilən tədbirdə nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev dövlət müstəqilliyinin bərpasından ötən 20 ildə ölkəmizin iqtisadiyyatının inkişaf mərhələləri, hər bir dövrün əsas xüsusiyyətləri, respublikanın iqtisadi potensialının davamlı olaraq artırılması və əhalinin rifahının yaxşılaşdırılması istiqamətlərində görülən genişmiqyaslı işlər haqqında məlumat vermişdir.
Konfransda “Müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri” mövzusunda məruzə ilə çıxış edən nazirliyin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov makroiqtisadi sabitlik, davamlı və sürətli iqtisadi inkişafın təmini üzrə qəbul edilmiş proqram, strategiya və konsepsiyalar, qeyri-neft sektorunun inkişafı, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, sosial-iqtisadi sahədə aparılan kompleks işlər və qazanılmış uğurlar haqqında danışmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru Məsumə Məmmədova “Müstəqil Azərbaycan əhalisinin sosial müdafiəsinin əsas istiqamətləri”, Qafqaz Universitetinin rektoru Əhməd Saniç “Müstəqil Azərbaycanın iqtisadi inkişafında özəl təhsilin rolu”, AMEA İqtisadiyyat İnstitutu direktorunun müavini Allahyar Muradov “Azərbaycan iqtisadiyyatının innovasiyalı inkişafı”, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev “Azərbaycanda sahibkarlığın inkişafı siyasəti”, Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov “Asudə vaxtın səmərəli təşkilindən sənayeyə doğru: Azərbaycan turizmi”, nazirliyin regionların inkişafı və dövlət proqramları şöbəsinin sektor müdiri Amil Əlili “Milli iqtisadiyyatın inkişafında dövlət proqramlarının rolu” mövzularında məruzələrlə çıxış etmişlər.
Qeyd olunmuşdur ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası öz bəhrəsini verir. Hazırda iqtisadiyyatın bütün sahələri inkişaf edir, əhalinin həyat səviyyəsi yüksəlir. Ölkəmizdə müasir standartlara cavab verən sənaye və emal müəssisələri, təhsil və səhiyyə ocaqları yaradılmışdır. Məqsədli dövlət proqramları uğurla icra olunur. Görülmüş işlərin nəticəsində 2010-cu ildə iqtisadi artım 5 faiz təşkil etmiş, yoxsulluğun səviyyəsi isə 9,1 faizə enmişdir. Qazanılmış nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların müvafiq hesabatlarında da yüksək qiymətləndirilmişdir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanmış “Doing Business 2009” hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, “Doing Business 2010” hesabatında da ölkəmiz öz mövqelərini qoruyub saxlamışdır. Dünya İqtisadi Forumu tərəfindən 2011-2012-ci illər üçün hazırlanmış “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan MDB ölkələri arasında yenə də lider mövqeyə malikdir. Hesabatda Azərbaycan ötən ilki göstərici ilə müqayisədə 2 pillə irəliləyərək 142 ölkə arasında 55-ci yerdə qərarlaşmışdır. “Standard and Poors” Beynəlxalq Reytinq Agentliyi ölkə reytinqini “Stabil”dən “Pozitiv”ə yüksəltmiş, “Fitch Ratings” Agentliyi ölkəmizə investisiya reytinqi vermişdir. BMT-nin “İnsan İnkişafı Hesabatı”na əsasən isə Azərbaycan İnsan İnkişafı İndeksinə görə 182 ölkə arasında 67-ci yeri tutmuş və “orta insan inkişafı” qrupundan “yüksək insan inkişafı” ölkələri qrupuna keçmişdir.
Konfrans çərçivəsində, həmçinin İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və iqtisadi modelləşdirmə sahəsində dünya miqyasında tanınmış tədqiqat mərkəzlərindən olan “EcoMod” şirkəti arasında Azərbaycan Respublikasının sosial-iqtisadi göstəricilərinin təhlili proqnozlaşdırılmasının Ümumi Tarazlıq Modelinin işlənilməsi üzrə müqavilə imzalanmışdır.
Sonra konfrans işini tematik seksiyalarda davam etdirmişdir.