İQTİSADİYYAT
Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentində seminar-müşavirə keçirilmişdir
Bakı, 5 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) İnsan Resursları Departamentində şirkətin müəssisə və təşkilatlarında çalışan müxtəlif sahələr üzrə ixtisaslı mütəxəssislərin iştirakı ilə seminar-müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, seminar-müşavirədə İnsan Resursları Departamentinin rəis müavini İmadət Ağalarov çıxış edərək bildirmişdir ki, şirkətin müəssisə və təşkilatlarına yüksək hazırlıqlı kadrların seçilməsi, kadr ehtiyat bazasının formalaşdırılması, karyeranın idarə edilməsi üzrə biliklərin yoxlanılması, həmçinin Təlim, Tədris Mərkəzlərinə qəbul və Yay Məktəbi layihəsi üzrə müraciət edən vətəndaşların zəruri bilik səviyyəsinin test üsulu ilə yoxlanılması Departament tərəfindən həyata keçirilir. Test imtahanlarında istifadə olunan Test Tapşırıqlarının Elektron Bazasının (TTEB) mütəmadi olaraq yenilənməsi, bütün istiqamətlər üzrə test tapşırıqlarının hazırlanması və ekspertizası məqsədilə ARDNŞ-in müəssisə və təşkilatlarının yüksək ixtisaslı, kifayət qədər nəzəri və təcrübi biliklərə malik olan mütəxəssislərindən ibarət qrup formalaşdırılmışdır. Daha sonra Testləşdirmənin təşkili şöbəsinin fəaliyyət istiqamətlərini əks etdirən təqdimat nümayiş etdirilmiş, tədbir iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır. Tədbirdə test tapşırıqlarının hazırlanmasında qarşıya çıxan problemlər müzakirə olunmuş və təqdim olunan yeni təkliflər nəzərə alınmışdır.