SİYASƏT
DÜNYA BANKI İLƏ ƏDLİYYƏ NAZİRLİYI ARASINDA SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ DAVAM ETDİRİLİR
Bakı, 4 fevral (AZƏRTAC). Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak və «Ədliyyə sisteminin müasirləşdirilməsi» birgə Layihəsi üzrə nəzarət missiyasının rəhbərliyi fevralın 4-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşlər.
Ədliyyə Nazirliyi mətbuat xidmətindən bildirmişlər ki, sürətlə inkişaf edən ölkəmizdə son dövrlər aparılan məhkəmə-hüquq islahatlarının nailiyyətləri barədə danışan nazir, ədliyyə sisteminin müxtəlif istiqamətləri üzrə mühüm layihələrin həyata keçirilməsini, o cümlədən Dünya Bankı ilə səmərəli əməkdaşlığı qeyd etmişdir.
Azərbaycanın iqtisadi inkişaf ilə yanaşı, hüquqi sahədə də yüksək nəticələr əldə etdiyi barədə məlumatı olduğunu bildirən Q.Yedjeyçak hakimlərin obyektiv və tam şəffaf seçimini xüsusilə təqdir etmişdir. Ölkəmizdə ədliyyə orqanlarının idarəetmə potensialının gücləndirilməsini, məhkəmə infrastrukturunun təkmilləşdirilməsini, hakimlərin və ədliyyə işçilərinin peşəkarlığının artırılmasını, vətəndaşların məlumatlılığının yüksəldilməsini nəzərdə tutan layihənin icrası üzrə böyük tərəqqiyə nail olunduğunu bildirən qonaqlar Ədliyyə Nazirliyi ilə səmərəli və işgüzar əməkdaşlığa görə təşəkkür etmişlər.
Görüşdə, həmçinin dövlətimizin başçısı tərəfindən Ədliyyə Akademiyasının Nizamnaməsinin təsdiqi və yüksək statusunun müəyyən olunması vurğulanmış, bu təsisatın işinin təşkili, müəllim heyətinin treninqi və mükəmməl tədris proqramlarının hazırlanması, habelə vətəndaşların müraciət etmək imkanlarının asanlaşdırılması məqsədi ilə məhkəmələrin müasir şəraitlə təmin olunması və qabaqcıl informasiya texnologiyaları ilə təchizatı barədə məsələlər geniş müzakirə olunmuşdur.
######