SİYASƏT
Dünya dövlətləri Ermənistanın işğalçılıq siyasətini pisləyir
Bakı, 23 aprel (AZƏRTAC). Kolumbiya parlamentində Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar qəbul olunmuşdur.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, martın 28-də Kolumbiya Senatının xarici işlər və milli müdafiə məsələləri üzrə II konstitusional daimi komitəsində “Azərbaycan Respublikası ərazisinin qanunsuz işğal edilməsi” haqqında qərar qəbul edilmişdir.
Komitənin sədri senator Alexandra Moreno Pirakive tərəfindən səsverməyə çıxarılmış sənəddə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı və Xocalı faciəsinin məhz soyqırımı aktı olması öz əksini tapmışdır. Layihə komitə üzvləri tərəfindən qəbul edildikdən sonra Senatın plenar sessiyasına çıxarılmış və yekdilliklə təsdiq olunmuşdur.
Sənəddə birmənalı şəkildə bildirilir ki, Kolumbiya Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinin və onun ətrafındakı 7 rayonun qanunsuz hərbi işğalını qəbul etmir, dinc əhaliyə qarşı törədilmiş fiziki işgəncə və zorakılıqları, xüsusən də Xocalı soyqırımı zamanı yol verilmiş hərəkətləri pisləyir və Ermənistan hökumətini BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyə çağırır.