MƏDƏNİYYƏT
Dünya şöhrətli ulduzlar facebook səhifələrində Azərbaycana səfərləri barədə yazırlar
Bakı, 19 iyun (AZƏRTAC). Dünya şöhrətli ulduzlar artıq öz saytlarında, facebook səhifələrində Azərbaycana səfərləri və ölkəmizdə verəcəkləri konsert barədə yazırlar.
AZƏRTAC xəbər verir ki, Rihannadan sonra Şakira da öz saytında “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012”-nin oyunlarında çıxış etmək üçün Bakıya qonaq gələcəyi barədə yazmışdır.
Şakira artıq şəxsi saytında Bakıdakı konsertlərinin tarixi barədə də məlumat vermişdir. Şakiranın ilk çıxışı oktyabrın 13-də saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək final oyunu zamanı nəzərdə tutulmuşdur. Digər konserti isə növbəti gün oktyabrın 14-də “Baku Crystal Hall”da reallaşdırılacaqdır.
Şakira ilə yanaşı, Rihanna və Cenifer Lopesin də həmin ərəfədə Bakıda qadınlararası dünya çempionatında çıxışları gözlənilir. Rihannanın çıxışı oktyabrın 5-də saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək dörddəbir final oyunu zamanı təşkil ediləcəkdir.
Cenifer Lopesin çıxışı isə mundialın açılışı gününə, sentyabrın 22-nə təsadüf edəcəkdir.
Rihanna da Bakı səhnəsində eksklüziv şou nümayiş etdirəcəyi barədə facebookdakı səhifəsində yazmışdır.