Əhali ərzaq məhsullarına 4,3 milyard manat xərcləyib
Bakı, 14 aprel, AZƏRTAC
Yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 8,5 milyard manata bərabər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ticarət dövriyyəsinin 4,3 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,2 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-mart aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,0 faiz və 3,3 faiz üstələyib.
Hesabat rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,7 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,2 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Hesabat dövründə istehlak məhsullarının 13,0 faizi ticarət müəssisələri, 52,5 faizi fərdi sahibkarlar tərəfindən, 34,5 faizi isə bazar və yarmarkalarda satılıb.
Əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 289,2 manat və ya 2017-ci ilin yanvar-mart aylarının göstəricisindən nominal ifadədə 16,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 146,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.