ELM VƏ TƏHSİL
Əhsən elə bir şairə əfşarı gözəldir...
Bakı, 3 noyabr, AZƏRTAC
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Onun qəzəlləri poetik dilin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir.
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Əlağa Vahidin 120 illik yubileyinə həsr olunan elmi konfransda bu elm müəssisəsinin direktoru, akademik İsa Həbibbəyli söyləyib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə akademik İ.Həbibbəyli Prezident İlham Əliyevin “Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 18 mart tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb, Azərbaycanda, eləcə də Yaxın Şərqdə qəzəl şairi kimi şöhrət qazanmış Əlağa Vahidin həyat və yaradıcılığı barədə ətraflı danışıb. Akademik bildirib ki, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəst-xətti ilə seçilən, qəzəlləri və satirik şeirləri xalq arasında yayılan Vahid sevilərək dillər əzbəri olub.
Tədbirdə “Əlağa Vahidin poeziyası klassik ədəbiyyatın qovuşağında”, “Çağdaş Azərbaycan poeziyasının qəzəlxanı” mövzularında məruzələr dinlənilib. Məruzələrdə Vahidin bədii yaradıcılığı, xüsusilə də poeziyasının özəllikləri barədə ətraflı məlumat verilib.
Çıxış edənlər bildiriblər ki, dahi Füzulini özünün böyük ustadı adlandıran Əlağa Vahid onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub.
Konfransda yubilyarın həyat və yaradıcılığını əks etdirən slaydlar nümayiş etdirilib.