İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində zəruri təmir-tikinti işləri davam etdirilir
Bakı, 23 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) istifadəsində olan inzibati və məişət binalarının, eləcə də istehsalat obyektlərinin sanitar-texniki normalara uyğun istismar olunması məqsədi ilə bu tikililərdə mütəmadi olaraq cari və əsaslı təmir işləri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, cari ildə QSC-nin Oqtay Vəliyev 1 ünvanda yerləşən inzibati və məişət binalarında, yeməkxanada, əməliyyat otaqlarında, digər obyektlərdə təmir işləri yüksək keyfiyyətlə yerinə yetirilərək işçilərin istifadəsinə verilmişdir.
Hazırda QSC-nin istehsalat obyektlərində zəruri təmir-tikinti işləri davam etdirilir. O.Vəliyev 1 ünvanda yerləşən flotator nasosxanasının, avadanlıq anbarının, rəngləmə və dülgər sexlərinin, həmçinin 35 saylı yarımstansiyanın dam örtüyündə əsaslı təmir işləri görülür. Eyni zamanda, istehsalat sahələrinin ərazilərində abadlıq işləri yerinə yetirilir.
Bu işlərin payız-qış mövsümünə qədər başa çatdırılması üçün zəruri tədbirlər həyata keçirilir.