İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir
Bakı, 11 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) icra etdiyi ekoloji layihələr çərçivəsində fəaliyyət dairəsinin gündən-günə genişlənməsi, xidmət sahələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün zəruri tələbat yaradır. Bununla əlaqədar QSC xidmət sahələrinin texniki təchizatının yaxşılaşdırılması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirir, vaxtaşırı olaraq yeni qurğu və avadanlıq, eləcə də xüsusi texnika və nəqliyyat vasitələri alınaraq istismara verilir.
AZƏRTAC xəbər verir ki, bu tədbirlər çərçivəsində QSC iyul ayında bir ədəd yeni “KO 505B, KamAZ 65115” markalı, iki ədəd isə “KO-507 AM, KamAZ 65115” markalı avtomobillər almışdır.
Bundan sonra da QSC-nin texniki parkında eyni təyinatlı 8 ədəd nəqliyyat vasitəsi istismarda olacaqdır. Bu nəqliyyat vasitələri QSC-nin icra etdiyi layihə ərazilərindən sənaye-çirkab, məişət və mədən axıntı sularının operativ olaraq təmizləyici qurğulara daşınmasına xidmət edəcəkdir.