CƏMİYYƏT
“Ekologiya idarəetmə sistemi” üzrə kurs təşkil olunmuşdur
Bakı, 8 iyul (AZƏRTAC). Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı neft emalı zavodunda TS EN ISO 14001- 2004 “Ekologiya idarəetmə sistemi” üzrə kurs təşkil olunmuşdur.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ətraf mühitin qorunması və ekologiyanın çirklənməsinin qarşısını almaq istiqamətində beynəlxalq standartların tətbiqi məqsədi daşıyan kursun məşğələlərini Təlim, tədris və sertifikatlaşdırma idarəsinin mütəxəssisləri aparmışlar. Zavodun 30 nəfər mühəndis-texniki işçisinin iştirak etdiyi kursda dinləyicilərə, həmçinin şirkətin ekoloji siyasəti haqqında ətraflı məlumatlar çatdırılmışdır.
Sonda test imtahanı keçirilmişdir. Kursun bütün dinləyiciləri sınaqdan müvəffəqiyyətlə çıxmışlar.
Məlumatda bildirilir ki, Azərbaycan 2003-cü ildə dünyanın nüfuzlu təşkilatlardan biri olan Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tamhüquqlu üzvü seçilmişdir. Həmin ildən Heydər Əliyev adına Bakı neft emalı zavodu ISO seriyalı beynəlxalq standartların (ISO 9000-keyfiyyətin idarə edilməsi, ISO 14000-ətraf mühitinin mühafizəsi və OHSAS 18001-əməyin mühafizəsi və təhlükəsizliyi) sertifikatlarına layiq görülmüşdür.