CƏMİYYƏT
Ekologiya idarəsində mülki müdafiə qüvvələrinin şəxsi heyəti ilə rabitə və xəbərdarlıq üzrə toplanış məşqi keçirilmişdir
Bakı, 8 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsində mülki müdafiə (MM) qüvvələrinin şəxsi heyəti ilə rabitə və xəbərdarlıq üzrə toplanış məşqi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, məşqin keçirilməsində əsas məqsəd “Mülki Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin yerinə yetirilməsi, MM sənədlərinin rəhbər sənədlərin tələblərinə uyğunluğunun, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin, fövqəladə hadisələrdə qarşıda duran vəzifələrin yerinə yetirilməsidir. Həmçinin məşqdə MM qüvvələrinin xəbərdarlıq və toplanış üzrə hazırlığının yoxlanılması, fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədi ilə MM qüvvələrinin xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsi tətbiq olunmuşdur.
Məşqə MM qüvvələrinin 53 nəfər şəxsi heyəti cəlb edilmişdir. Eyni zamanda, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması barədə məşq iştirakçılarına təlimat verilmişdir.