DÜNYA
Ekspert: Avropa İttifaqı miqrasiya çağırışına reaksiyasında öz məqsədinə nail olmayıb
![Ekspert: Avropa İttifaqı miqrasiya çağırışına reaksiyasında öz məqsədinə nail olmayıb](/files/2019/3/1200x630/15740611745322055174_1200x630.jpg)
Budapeşt, 18 noyabr, AZƏRTAC
Avropa İttifaqı miqrantlara dəstək hədəflərinə daha çox uyğun olmaq üçün bu şəxslərə sığınacaqlar verilməsi, onların üçüncü ölkələrə köçürülməsi və öz vətənlərinə qaytarılması sahəsində fəaliyyəti gücləndirməlidir. Qaçqınların müxtəlif ölkələrdə yerləşdirilməsi sxemləri özünü doğrultmadı. Bu sxemlər yalnız Yunanıstana və İtaliyaya təzyiqi qismən yumşaltdı.
Qlobal miqrasiya məsələləri üzrə ekspert Tibor Koşut bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Onun fikrincə, son illərdə Avropa İttifaqında miqrasiyanın görünməmiş səviyyəsi müşahidə olunur. 2015-ci ildə bu göstərici maksimum həddə çatmışdı. O vaxt 1 milyondan çox insan Aralıq dənizini keçərək, qeyri-leqal miqrantlar kimi Avropaya gəldilər. Bu da öz növbəsində, xüsusilə Yunanıstanda və İtaliyada sığınacaq verilməsi haqqında müraciətlərin sayının artımına gətirib çıxarmışdı.
Avropa İttifaqı miqrasiya böhranının öhdəsindən gəlmək üçün Yunanıstanda və İtaliyada belə adlandırılan “qaynar nöqtələr” yaratdı, müvəqqəti köçürülmə sxemləri tətbiq etdi və maliyyələşdirməni artırdı. Ancaq ekspert hesab edir ki, bütün bu tədbirlərə baxmayaraq, Avropa Birliyi öz hədəflərinə nail olmayıb. Koşut deyib: “Avropa Birliyi Yunanıstanda və İtaliyada miqrasiya proseslərini idarə etmək üçün öz imkanlarından maksimum istifadə etdi, amma bu, arzu olunan nəticəyə gətirib çıxarmadı. Hədəflər və alınmış nəticələr arasında fərqin aradan qaldırılması üçün daha fəal hərəkət etmək vaxtı çatıb”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt