CƏMİYYƏT
Əlcəzair və Slovakiyadan heyvandarlıq, ABŞ və Kanadadan quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub
Bakı, 3 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Əlcəzairin Skikda və El Tarf əyalətlərində dabaq, Slovakiyanın Nitra diyarında, Amerika Birləşmiş Ştatlarının Oreqon və Nyu-Cersi ştatlarında, Kanadanın Şahzadə Eduard Adası və Nyufaundlend-Labrador əyalətlərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən WOAH-nın “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınaraq diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə diri quşların ölkəmizin ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Slovakiya, Amerika Birləşmiş Ştatları, Kanada və Əlcəzairdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.