SİYASƏT
Əlcəzairli baş redaktor: Qarabağa səfərdən sonra Azərbaycan həqiqətlərini ərəb dünyasında daha fəal təbliğ edəcəyəm
Qahirə, 2 mart, AZƏRTAC
Bu günlərdə müxtəlif ölkələrdən olan jurnalist həmkarlarımla Qarabağa etdiyim səfərdən sonra Azərbaycan həqiqətlərini ərəb dünyasında daha fəal təbliğ edəcəyəm.
Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə açıqlamasında “Əl Hərir” İpək Yolu Beynəlxalq Media Şəbəkəsinin baş redaktoru, Ərəb Jurnalistləri Federasiyasının Əlcəzair şöbəsinin rəhbəri Əbdülqədir Xəlil söyləyib. O əlavə edib: “İşğaldan azad olunmuş Qarabağ, onun incisi sayılan Şuşada erməni barbarlığının şahidi olduq. Dağıdılmış tarix-mədəniyyət abidələri, məscidləri görmək çox ağır idi. Eyni zamanda, Azərbaycan hökumətinin bu ərazilərdə apardığı irimiqyaslı bərpa-quruculuq işləri gələcəyə böyük inamla baxmağa əsas verir. Biz Füzuli Beynəlxalq Hava Limanında olarkən buna bir daha əmin olduq. Qısa müddətdə inşa edilmiş bu obyekt Qarabağın dirçəliş rəmzidir. Şuşada görkəmli şəxsiyyətlərin ev-muzeyi, tarixi abidələr, Cıdır düzü məndə böyük təəssürat yaratdı”.
Azərbaycana səfəri zamanı Qarabağla yanaşı, paytaxt Bakıda da keçirdikləri görüşlər barədə təəssüratını bölüşən Ə.Xəlil deyib: “ADA Universitetində təşkil olunan konfrans olduqca faydalı idi. Bundan başqa, Şəhidlər xiyabanı, Bakının görməli yerləri, mədəniyyət müəssisələri və yaradıcılıq təşkilatlarında da görüşlərimiz oldu. Ümumiyyətlə, mənim rəhbərlik etdiyim portalda Azərbaycan xəbərləri bölməsi fəaliyyət göstərir və burada mütəmadi olaraq AZƏRTAC-ın ərəb dilində xəbərləri yerləşdirilir. Demək istəyirəm ki, Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatı barədə kifayət qədər böyük məlumata malikəm. Son səfərim zamanı gördüklərim, xüsusən Azərbaycan Energetika Nazirliyində keçirilən toplantıda iştirakım məndə belə fikir yaratdı ki, sizin ölkənizin çox böyük potensialı və müvafiq olaraq, parlaq gələcəyi var. Azərbaycanda gördüklərim barədə rəhbərlik etdiyim portal və digər ərəbdilli mətbuat orqanları üçün silsilə məqalələr hazırlayacağam”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə