CƏMİYYƏT
Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid mövzusunda tədbir keçirilib
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Bakıda “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid: yeni konsepsiya və gələcəyə baxış” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə bu sahədə fəaliyyət göstərən bir sıra dövlət və hökumət qurumlarının nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tədbirin əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin 14 mart 2018-ci il tarixli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanından irəli gələn məsələlərə dair məlumat verib. Qeyd edilib ki, həmin fərmanla elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, habelə inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyat keçirmək məqsədilə əlaqələndirici qurum funksiyalarının yerinə yetirilməsi dövlət agentliyinə həvalə olunub. Məqsəd ondan ibarətdir ki, elektron hökumətin fəaliyyətini qısa müddət ərzində hər bir vətəndaş öz gündəlik həyatında hiss etsin.
Tədbirdə, həmçinin elektron hökumət məsələlərinə dair indiyə qədər görülmüş işlər, elektron hökumət sahəsində mövcud vəziyyətlə bağlı geniş məlumat verilib. Elektron hökumətin yeni konsepsiyası və qarşılıqlı səmərəli fəaliyyət göstərən elektron hökumətin qurulması ilə bağlı dövlət agentliyinin və digər qurumların qarşısında duran əsas vəzifələr və çağırışlar barədə müzakirələr aparılıb.
Agentlik sədrinin müşaviri, elektron hökumət və rəqəmsal innovasiyalar şöbəsinin müdiri Ceyhun Sultanov “Elektron hökumət-yeni yanaşma və perspektivlər” mövzusunda çıxış edib.
Tədbirdə aidiyyətı qurumların informasiya-texnologiya istiqamətli struktur bölmələrinin rəhbərlərindən ibarət Elektron Hökumət üzrə İşçi Qrupu yaradılıb.
Konfrans sual-cavab sessiyası ilə yekunlaşıb.