ELM VƏ TƏHSİL
Elmin İnkişafı Fondu birinci “Mobillik qrantı” müsabiqəsinin nəticələrini elan etmişdir
Bakı, 2 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) Azərbaycanda təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə, qısamüddətli təcrübə keçmədə iştirak, alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq üçün xüsusi layihələrinin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü il üçün birinci “Mobillik qrantı” müsabiqəsinin nəticələri elan edilmişdir.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, fond müsabiqənin keçirilməsi haqqında qərarını bu il yanvarın 7-də internet səhifəsində və kütləvi informasiya vasitələrində elan etmiş, qrant layihələrinin qəbulu üçün müddəti yanvarın 8-dən fevralın 8-dək müəyyənləşdirmişdir. Həmin müddətdə EİF-in icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədi ilə dörd məsləhət seminarı keçirmiş, telefon və elektron-poçt vasitəsilə edilmiş müraciətlərə cavab vermiş, suallara aydınlıq gətirmişdir.
Müsabiqəyə ümumilikdə 29 layihə daxil olmuş, fevralın 9-dan 27-dək onların ekspertizası təşkil edilmişdir. Müsabiqənin qaydalarına və tələblərinə cavab verməyən 11 layihə texniki ekspertiza mərhələsindən keçməmiş, 18 layihə isə elmi ekspertiza mərhələsinə buraxılmışdır.
EİF-in icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim edilmiş layihələrin səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını ekspertiza qaydalarına uyğun olaraq qiymətləndirmiş, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu, həcmi barədə fondun Himayədarlar Şurası üçün arayışlar hazırlamışlar. Hər bir layihə üzrə hazırlanmış və müvafiq məlumatların daxil olduğu yekun sənədlər toplusuna Himayədarlar Şurasının martın 1-də keçirilmiş iclasında baxılmış, layihələr müzakirə olunmuş və yekun qərar qəbul edilmişdir.
Cari il üçün birinci “Mobillik qrantı” müsabiqəsi üzrə 16 qalib layihə müəyyənləşdirilmiş və EİF-in qərarı ilə təsdiq edilmişdir. Müsabiqə üzrə ümumi maliyyələşdirilmə məbləği 52.000 manat olmuşdur.
EİF-in icraçı direksiyası ilə qalib layihələrin rəhbərləri arasında, layihənin yerinə yetirilməsi barədə lazımi sənədlər toplusu hazırlanmaqla, müvafiq müqavilə bağlanılacaq və qanunvericiliyə uyğun olaraq, Ədliyyə Nazirliyində qeydiyyatdan keçiriləcəkdir.
Elmin İnkişafı Fondu müsabiqə qaliblərini təbrik edir, bütün iştirakçılara və ekspertlərə minnətdarlığını bildirir.