REGİONLAR
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şabran, Xızı və Siyəzəndə vətəndaş müraciətlərini dinləyib VİDEO
Şabran, 29 iyun, Elxan Yusifli, AZƏRTAC
Dövlət xidmətlərinin vətəndaşlara layiqli formada göstərilməsi, hər bir müraciətə həssaslıqla yanaşılması istiqamətində Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov iyunun 29-da Şabran şəhərində vətəndaşların müraciətlərini dinləyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq elə həmin gün komitənin sədr müavinləri Rafiq Cəlilov Xızıda, Rüstəm Şahbazov isə Siyəzəndə vətəndaşlarla görüşüb.
Müraciət və təkliflərlə yerindəcə tanış olmaq, müvafiq problemləri operativ formada həll etmək, o cümlədən vətəndaş məmnunluğunu təmin etmək budəfəki qəbulda da ön planda olub. Fərdi qaydada dinlənilən vətəndaş müraciətləri əsasən daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, torpaqların təyinatının dəyişdirilməsi, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı olub. Eyni zamanda, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, kadastr uçotuna alınması, ünvan məsələləri və komitənin digər fəaliyyət istiqamətləri üzrə vətəndaş müraciətləri dinlənilib.
Komitənin struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbulda bir sıra müraciətlər elə yerindəcə müsbət həllini tapıb. Bəzi müraciətlər komitənin səlahiyyətlərinə aid olmadığı üçün qeydə alınıb və müvafiq qurumlara göndərilməsi barədə vətəndaşlara məlumat verilib.
Qəbul zamanı komitə sədri bildirib ki, torpaqların yalnız qanunvericiliyə uyğun istifadəsi təmin edilməlidir. Yaşayış məntəqələri təyinatlı torpaqlar üzərində fərdi yaşayış evləri tikilə bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlar isə yalnız kateqoriyaya uyğun məqsədlər üçün istifadə edilə bilər.
K.Həsənov qeyd edib ki, vətəndaşların rahat və operativ formada istifadəsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən bütün xidmətlər Əmlak Xidmətləri Məkanında icra olunur. Bu il ərzində xidmət məkanına 98 minədək vətəndaş müraciət edib, müxtəlif istiqamətlər üzrə 128 minədək xidmət göstərilib. Komitə sədri qəbul zamanı xidmət məkanının tezliklə Gəncə və Xaçmazda da açılacağını bildirib.
Müraciətləri dinlədikdən sonra komitə sədri struktur bölmələrin iştirakı ilə iclas keçirib. İclasda K.Həsənov daşınmaz əmlak idarəçiliyinin daha da təkmilləşdirilməsi, göstərilən xidmətlərdə məmnunluğun yüksəldilməsi, fəaliyyətin vətəndaş yönümlü olması ilə bağlı tapşırıq və tövsiyələr verib.
Sədr müavinlərinin qəbuluna yazılan vətəndaşların da müraciətləri dinlənilib, onların qanunvericilik əsasında operativ həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi tərəfindən regional vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.