SİYASƏT
ƏSAS MƏQSƏD AZƏRBAYCAN ELMİNİ DÜNYA ELMİ SƏVİYYƏSİNƏ QALDIRMAQ VƏ İNTEQRASİYA ETMƏKDİR
Bakı, 9 yanvar (AZƏRTAC). Milli Məclis 2009-cu ilin payız sessiyasında qarşısına qoyduğu məqsədə nail olmaq üçün xeyli iş görmüşdür. Azərbaycan iqtisadiyyatının, elminin, mədəniyyətinin, sosial sahənin inkişafı üçün lazım olan vacib qanunlar qəbul edilmişdir.
Bu sözləri Milli Məclisin elm və təhsil komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva demişdir.
G.Baxşəliyeva bildirmişdir ki, deputatlarımız payız sessiyası ərzində təkcə qanunvericilik işləri ilə məşğul olmamışlar. Onlar seçicilərlə görüşmüş, Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə təsdiq olunmuş dövlət proqramlarının icrası ilə bağlı müəyyən işlər görmüşlər. Deputatlarımız dövlətlərarası, xüsusilə parlamentlərarası əlaqələrin inkişafında da fəal olmuşlar. Beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil edən Milli Məclisin deputatları ölkəmizin, xalqımızın milli maraqlarına xidmət edən məsələləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin nəzərinə çatdırmış, onların diqqətini problemin həllinə yönəltmişlər.
G.Baxşəliyeva qeyd etmişdir ki, təmsil olunduğu komitənin üzvləri parlamentin 2010-cu il yaz sessiyasında da fəallıq göstərəcək, qanunların hazırlanmasına və qəbuluna çalışacaqlar. Hazırda komitənin üzvləri əlaqədar təşkilatlarla birlikdə “Elm haqqında”, “Dövlətin elmi-texniki siyasəti haqqında” və digər qanun layihələri üzərində çalışırlar. Yəqin ki, bu qanunlar yaz sessiyasında müzakirəyə çıxarılacaqdır. Çünki bu gün qarşıda duran əsas məqsəd Azərbaycan elmini dünya elmi səviyyəsinə qaldırmaq və inteqrasiya etməkdir.