İQTİSADİYYAT
Əslən azərbaycanlı olan astronavt: Azərbaycanda kosmosla bağlı layihələr həyata keçirilsə, həvəslə iştirak edərəm VİDEO
![Əslən azərbaycanlı olan astronavt: Azərbaycanda kosmosla bağlı layihələr həyata keçirilsə, həvəslə iştirak edərəm VİDEO](/files/2023/3/1200x630/16965089613980317574_1200x630.jpg)
Bakı, 5 oktyabr, AZƏRTAC
74-cü Beynəlxalq Astronavtika Konqresinin - belə böyük kosmik tədbirin Azərbaycanda, xüsusilə möhtəşəm bir məkanda keçirilməsi çox böyük sevinc və qürur qaynağıdır.
Bunu AZƏRTAC-a müsahibəsində kosmosa ilk dəfə uçacaq əslən azərbaycanlı olan Türkiyə astronavtı Tuva Cihangir Atasever söyləyib.
O deyib: “2023-cü ildə, Türkiyə Cümhuriyyətinin 100 illiyi dönəmində Astronavtika Konqresinin Bakıda keçiriləcəyini öyrənəndə hər kəs Türkiyənin özündə keçiriləcəkmiş kimi sevindi. Həm ölkəm adına, həm öz adıma deyə bilərəm ki, bu, çox sevindirici bir hadisədir. Ana Vətənim Azərbaycanda belə mötəbər tədbirin keçirilməsi, bir astronavt namizədi olaraq bura gəlmək böyük xoşbəxtlikdir”.
O bildirib ki, konqresin ilk günündən etibarən xüsusi proqram çərçivəsində Bakının fərqli yerlərində, məktəblərdə və universitetlərdə olub. Şagirdlərlə, tələbələrlə görüşüb, fikir mübadiləsi aparıblar: “Onların gözündəki həyəcanı və şirin təbəssümləri görəndə çox xoşbəxt oldum. İndiyədək qazandığımız və qazanacağımız təcrübələrimizi bu gənclərə ötürmək və onları həvəsləndirmək bizim ən əsas vəzifələrimizdən biridir”.
Astronavt gələn il kosmosa iki uçuş edəcəyini vurğulayıb. Onlardan biri 2024-cü ilin yanvar ayında, digəri isə mart ayında olacaq. “Hər iki uçuş zamanı elmi araşdırmalar həyata keçirəciyik. 13 mövzuda elmi araşdırma aparılacaq. Gələcəkdə bu elmi araşdırmalar müxtəlif proseslərin, xüsusilə xərçəng xəstəliyinin müalicəsi istiqamətində tətbiq olunacaq”, - deyə astronavt qeyd edib.
Tuva Cihangir Atasever deyib: “Biz Azərbaycan bayrağının kosmosa çıxmasını istəyirik. Gələcəkdə Azərbaycanda Aya missiyalar və ya kosmosla bağlı digər layihələr həyata keçirilsə mən həvəslə iştirak edərəm”.