CƏMİYYƏT
Əslən İrəvandan olan iğdırlı vəkil: Qərbi Azərbaycana mütləq qayıdacağımıza bütün qəlbimlə inanıram
![](/files/galleryphoto/2024/2/1200x630/1717763446365325753_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17177634464124162444_1200x630.jpg)
İstanbul, 7 iyun, Günel Karatepe, AZƏRTAC
Qərbi Azərbaycan ərazisinin əzəli sakinlərinin azərbaycanlılar olduqları, ermənilərin isə çar Rusiyasının təşəbbüsü ilə tarixin müxtəlif dövrlərində fərqli ölkələrdən bu bölgələrə köçürüldüyü tarixi faktlardan bəllidir. Bu ərazilərdə, xüsusilə İrəvanda erkən və orta əsrlərə aid toponimlərin Azərbaycan türkcəsində olması da danılmaz sübutlardır. Həmin ərazilərin qədim yer adları da Azərbaycan türkcəsinə aiddir. Bütün bunları təsdiqləyən digər tarixi faktlardan biri də İrəvanın tarixində əhəmiyyətli yeri olan, oradakı orta əsrlərə aid tarixi abidələrin məhz Azərbaycan-türk memarlıq üslubunda tikilməsidir. Bütün bunlarla yanaşı, bu ərazilərə köçürülən ermənilərin azərbaycanlıları doğma yurdlarından didərgin salmaları da tarixi həqiqətdir.
AZƏRTAC-ın budəfəki müsahibi, əslən İrəvanın İydəli kəndindən olan vəkil Cafer Zorun ailəsi də bu deportasiyaya məruz qalanlardandır.
Hazırda Türkiyənin İğdır vilayətinin Nəcəfalı kəndində yaşayan vəkil xatirələrini bölüşərək deyib: “Babamın atası əslən Gəncədəndir və 1800-cü illərdə İrəvanın İydəli kəndinə köçüblər. Babamla birlikdə dörd qardaşı da İrəvanda dünyaya gəlib. Lakin 1914-cü ildə erməni zülmünə tab gətirməyərək İrəvanı tərk etmək məcburiyyətində qalıblar. “Ermənistan” adlı dövlətin yaradılmasından sonra orada yaşayan azərbaycanlılar fiziki və mənəvi işgəncələrə məruz qalaraq mərhələlərlə öz tarixi torpaqlarından deportasiya olunublar. Yurd-yuvalarından məcburi qovulanlar arasında babam Ərəb kişi də olub. Babam yaşadığı bu zülmü heç vaxt yadından çıxara bilmədi və hər zaman gözlərindən axan yaşlarla bizə danışardı. Onu dinləmək çox çətin idi. İnsanın yaşadığı əziyyət gözlərindən oxunurdu, qorxu filmi kimi idi.
Babam xatirələrini danışanda deyirdi ki, əşyalarını at arabasına yükləyib gecəni gözləyiblər. O vaxt ermənilər kəndi qapı-qapı gəzərək buradakı bütün türkləri öldürürdülər. Yaxın qonşusu var imiş, Sepan. O, gecəyə kimi babamı evində gizlətmək istəyib və ermənilərin gəldiklərini gördükdə ot tayasının arasında saxlayıb. Amma bu, fayda verməyib, babamı tapıblar. Onu ata bağlayıb sürüyərək öldürmək üçün kənddən kənara aparmaq istəyiblər. Yolda da çox işgəncələr veriblər. Təsadüfən rastlaşdıqları rus hərbçilərinin köməyi ilə babam ölümün pəncəsindən xilas ola bilib. Onun dostunu güllələyiblər, babamı isə yaralı halda yolda qoyub gediblər. Sonra o, evə qayıdıb və ailəsi ilə birlikdə kəndi tərk edib. Babam bunları danışdıqda yolda çox vəhşiliyin şahidi olduqlarını da deyirdi. Yollar qəddarca öldürülən meyitlərlə dolu imiş. Bu cəsədlərin çoxu uşaq və qadınlar imiş”.
Oranı tərk etdikdən sonra ailəsinin İrana, 1924-cü ildə isə İğdıra yerləşdiyini deyən C.Zor sözlərinə belə davam edib: “O zamanlar erməni zülmündən qaçan insanların əksəriyyəti İğdırın Göyçəli kəndində məskunlaşıb. Lakin bizimkilər Nəcəfalı kəndində yaşamağa davam ediblər. İndiyədək gözümün önündədir, babam kimi, nənəm də son nəfəsinə qədər vətənim, elim, obam deyərək ağlayardılar. Elə Vətən həsrəti ilə də vəfat etdilər. Yəni, bir sözlə, onların “böyük Ermənistan” xülyası çox taleləri söndürüb, nakam qoyub”.
XIX əsrin əvvəllərində imzalanan bir sıra müqavilələrdən sonra ermənilərin Azərbaycan torpaqlarına kütləvi köçürülməsi, bununla yanaşı, elə o dövrlərdə Osmanlı imperiyasının zəifləməsinin Qafqazdakı türk-müsəlman xalqlarının taleyində, sözün əsl mənasında, faciəyə döndüyünü deyən vəkil bildirib ki, bu köçürülmə ilə bölgənin etnik tərkibi dəyişdirilib. Yəni, bu, sadəcə, köçürülmə olmayıb. Oraya gələn ermənilər bundan sonra insanlıq tarixinin qanlı səhifələrini yazmağa başlayıblar. “Hər nə qədər özlərini məzlum göstərməyə çalışsalar da, tarix deyə bir şey var. Ermənilərin havadarlarının köməyi ilə yerləşdirildikləri ərazilərdə türklərə və azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törətdikləri etnik təmizləmə və soyqırımı faktları açıq-aşkar ortadadır. Onların əsas məqsədi “böyük Ermənistan” xülyasını həyata keçirmək idi. Bu mənfur xəyal uğrunda onlar əsrlər boyu millətimizə qarşı həm hərbi, həm də ideoloji tədbirlər görüblər. Hadisələrin ardıcıllığına baxsaq, bütün bunların eyni ssenari əsasında törədildiyini görmək çətin deyil”, - deyə o bildirib.
Hər şeyin əlacının zaman olduğunu söyləyən Cafer Zor vaxtın hakim, tarixin isə yaddaş olduğunu deyib, onların saxtakarlığı sevmədiyini qeyd edib. “Bəziləri özləri üçün saxta tarix yazırlar. Onlardan biri də ermənilərdir. Daim başqalarının ərazisində dövlət qurmaq xülyası ilə yaşayan ermənilər fakt qarşısında acizliklərini gizlətməkdə hər zaman çətinlik çəkirlər. İnanın ki, tək xülya uğrunda törətdikləri bütün bu cinayətlər indi, necə deyərlər, onların özlərinin “ayaqlarına dolanıb”. Baxın, indi erməni xalqının kasıb yaşayışı, dünyadan bixəbər olması cahillik deyil bəs nədir? İndi onların özləri də bu ideya uğrunda özlərini məhv etdiklərini başa düşürlər. Amma təəssüf ki, zamanı geri çevirmək olmur. İndi Azərbaycan güclü Orduya malik qüdrətli dövlətə çevrilib. Qarabağa və Şərqi Zəngəzura qayıtdığımız kimi, Qərbi Azərbaycana da mütləq qayıdacağımıza bütün qəlbimlə inanıram. Ora bizim dədə-babalarımızın mirasıdır və qayıdıb yaşamaq bizim ən təbii haqqımızdır”, - deyə vəkil vurğulayıb.