İQTİSADİYYAT
“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Bakıda internetə çıxış imkanı genişləndirilir
Bakı, 16 dekabr (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı Bakıda internetə çıxış imkanlarının daha da artırılması üçün müvafiq idarə, müəssisə və provayderlərə tapşırıqlar vermişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, müsabiqənin keçiriləcəyi kompleksdə hər istifadəçinin internetə qoşulma sürətinin 1 Mb/s sürət əldə etməsi şərtilə 4 min nəfərlik internet bağlantısının (3000 nəfərin “Wi-Fi” istifadə etməsi, 1000 nəfərin isə stasionar kompyuterdən istifadəsi nəzərə alınmaqla) təmin edilməsi, kompleksdə, mətbuat mərkəzində və digər otaqlarda tələbata uyğun internetin təşkilinin və qlobal internet şəbəkəsi ilə əlaqənin bir neçə istiqamətdə alternativliyinin və ehtiyatlılığının təmin olunması, paytaxtın mərkəzindəki ticarət mərkəzlərində, restoranlarda və s. “Wi-Fi” (genişzolaqlı kabelsiz internet) xidmətinin tətbiqinin təşviq edilməsi və “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi kompleksdə yayım üçün bir 8 mb/s-lik sürətə malik internet kanalının təşkili nəzərdə tutulmuşdur.
RİTN aparılan işlərin daha keyfiyyətli və dayanıqlığını təmin etmək məqsədi ilə alternativ rabitəni də tətbiq edir.