Bakıda “Azərbaycan şairləri İrana Qasımova ilə” adlı yeni layihənin ilk tədbiri olub
Bakı, 4 iyun, AZƏRTAC
Yazıçı və rejissor İrana Qasımovanın “Azərbaycan şairləri İrana Qasımova ilə” adlı yeni layihəsi çərçivəsində ilk tədbir keçirilib. Layihənin birinci poeziya axşamının qonağı isə şairə-qiraətçi və yazıçı Leyli Salayeva olub.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində memar, rəssam və incəsənət layihələrinin kuratoru Nurziya Xəlilovanın şairə ilə söhbəti olub. Yarım saat davam edən söhbət əsnasında tədbirin qonaqları Leyli Salayevanın yaradıcılıq yolu, layihələri və planları barədə məlumat əldə ediblər.
Sonra Leyli Salayeva həm yeni, həm də poeziya almanaxlarına daxil edilmiş şeirlərini oxuyub. Şairənin əsərlərini, həmçinin qiraətçilər və onun yaradıcılığının həvəskarları da təqdim ediblər.
Leyli Salayeva Azərbaycan Yazıçılar Birliyinin və Böyük Britaniya Şairlər Cəmiyyətinin üzvüdür. O, beş şeir kitabının müəllifidir.
Təşkilatçı İrana Qasımovanın sözlərinə görə, layihə çərçivəsində keçiriləcək hər bir tədbir müasir Azərbaycan şairlərindən birinə həsr olunacaq.
İrana Qasımova şairə, ssenarist, rejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə şeirlər toplusunun müəllifi, “İrana Qasımova ilə poeziya klassikası”, “İrana Qasımova ilə Poetry-batl” və “İrana Qasımova ilə açıq poeziya mikrofonu” adlı mədəniyyət tədbirlərinin təşkilatçısıdır.