DÜNYA
“Eyfel” qülləsi “Instagram”da ən populyar görməli yer olmuşdur VİDEO
Bakı, 27 mart (AZƏRTAC). Fransanın paytaxtı Parisdə yerləşən “Eyfel” qülləsi “Instagram”da ən populyar görməli yer olmuşdur. Belə ki, fotoservisə bu məşhur tikili ilə çəkilmiş 977,3 min şəkil yüklənmişdir. Top 20-nin ikinci pilləsində Nyu-Yorkdakı “Tayms” meydanı qərarlaşmışdır. “Instagram” istifadəçiləri bu görməli yerin 773,6 mindən çox şəklini yükləyiblər. Londondakı “Biq-Ben” isə 689,4 min şəkillə üçüncü yeri tutmuşdur.
AZƏRTAC gazeta.ru saytına istinadən xəbər verir ki, beynəlxalq reytinqdə, əsasən ABŞ-da yerləşən görməli məkanlar yer almışdır. “Tayms” meydanından başqa, buraya “Empayr-steyt-bildinq” göydələni (8-ci yer), “Qrand-Kanyon” (9-cu yer), “Qızıl Qapılar” körpüsü (10-cu yer), “Bruklin” körpüsü (12-ci yer) və “Azadlıq” heykəli (13-cü yer) aiddir.
Siyahıya, həmçinin Londondakı “Eye” əyləncə çarxı, “Harrods” univermağı, “Hayd-park” və “Southbank” mərkəzi kimi məşhur yerlər da daxildir.