ELM VƏ TƏHSİL
FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN 65 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
Bakı, 14 aprel (AZƏRTAC). Aprelin 14-də Azərbaycan Dillər Universitetində (ADU) “1941-1945-ci illər müharibəsində Qələbənin təmin edilməsində Azərbaycan xalqının müstəsna xidmətləri” mövzusunda konfrans keçirilmişdir.
Universitetdən bildirmişlər ki, tədbirdən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin ADU-dakı büstü önünə əklil və gül dəstələri qoymuşlar.
ADU-nun prorektoru Ələddin Əliyev bildirmişdir ki, bu tədbirin keçirilməsində əsas məqsəd Böyük Vətən müharibəsi qəhrəmanlarının döyüş yoluna nəzər salmaq və veteranlarımızın Azərbaycanın müharibədə iştirakı ilə bağlı xatirələrini bölüşməkdir.
Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Əlövsət Baxışov, şuranın plenum üzvü, istefada olan general Bahadır Hüseynov və başqaları Böyük Vətən müharibəsinin tarixindən, faşizm üzərində Qələbənin qazanılmasında Bakı neftinin rolundan, döyüşçülərimizin qəhrəmanlığından bəhs etmişlər.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və ölkə ictimaiyyətinə müraciət qəbul edilmişdir.
######