CƏMİYYƏT
FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti təlim keçirmişdir
Bakı, 23 avqust (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin və aviasiya dəstəsinin illik fəaliyyət planına uyğun olaraq Xidmətin desant dalğıclarının helikopterdən su səthinə enmələri üzrə birgə təlim keçirilmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, təlimin məqsədi digər nəqliyyat vasitələri üçün əlverişsiz olan fəlakət zonalarında, Xəzər dənizinin Azərbaycan Respublikasına aid daxili sularında və digər su hövzələrində baş verə biləcək fövqəladə hallara çevik reaksiya verilməsi, qəzaya uğramış su və hava nəqliyyatı vasitələrinin şəxsi heyətinin xilas edilməsi, onlara ilk və təxirəsalınmaz yardımın göstərilməsi sahəsində imkanların artırılması olmuşdur.
Proqrama uyğun olaraq dalğıclara helikopterin hərəkəti zamanı ayaq üstə suya tullanma, helikopterin havada durması zamanı tam xilasetmə avadanlığı ilə birgə üzgəclərdə suya tullanma, helikopterin havada fəlakət zonasında durması zamanı desant-dalğıcın “SLQ-300” vasitəsilə endirilməsi, zərərçəkmişin bərkidilməsi və qaldırılması və s. tədris edilmişdir.