CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 40 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 40 halda yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla dörd nəfər, o cümlədən Siyəzən rayonunun Yenikənd kəndində “Shacman” və “DAF” markalı iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış bir nəfər xilas olunub. Həmçinin paytaxtın Nizami rayonunda bir nəfərin cəsədi bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.