SİYASƏT
Fransa ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədə inkişaf edir
Reyms, 30 noyabr (AZƏRTAC). Fransa ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədə inkişaf edir.
Bu fikir noyabrın 29-da şəhər bələdiyyə idarəsində Reymsin meri xanım Adelin Hazanla Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin görüşündə səslənmişdir.
Görüşdə Reyms ilə Gəncə arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
E.Vəliyev Reymsdə təşkil olunan beynəlxalq yarmarkaya Gəncənin fəxri qonaq qismində dəvət edilməsinə və Gəncədə istehsal olunan məhsullara iki pavilyonun ayrılmasına görə minnətdarlığını bildirmiş, pavilyonlarda Gəncə şərablarının, xalçalarının və dekorativ tətbiqi sənət nümunələrinin, nar və xurmaların nümayiş etdirildiyini, Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən böyük söz ustadının həyat və yaradıcılığına dair nəfis şəkildə çap etdirilmiş kitabların paylandığını diqqətə çatdırmış, hər iki şəhər arasında əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Adelin Hazan Fransa ilə Azərbaycan arasında siyasi, iqtisadi və mədəni sahələrdə yüksək əməkdaşlığın mövcud olduğunu vurğulamış və şəhərlər arasında əlaqələrin inkişafında Reymsin maraqlı olduğunu bildirmişdir.
Keçən ilin oktyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinə dair tədbirlərin ilk dəfə Reymsdən başlamasını yüksək qiymətləndirən mer birinci xanım, Fondun prezidenti Mehriban Əliyevanın həmin tədbirlərdə iştirakını xatırlatmış, uğurla keçən həmin tədbirlərin reymslilər arasında böyük əks-səda doğurduğunu bildirmiş, Məhsəti Gəncəvinin 900 illiyi ilə bağlı sərgi və konsertin məhz Reymsdən başladığını fəxrlə qeyd etmişdir.
Noyabrın əvvəllərində Gəncədə təşkil edilən İkinci Beynəlxalq Üzüm və Şərab Festivalında Şampan-Ardenn Regional Şurasının sədri Jan-Pol Başının iştirak etdiyini xatırladan Elmar Vəliyev Reymsin merini 2014-cü ildə keçiriləcək festivala dəvət etmişdir.
Görüşdən sonra Adelin Hazan beynəlxalq yarmarkada Gəncə məhsullarının nümayiş etdirildiyi pavilyonlarla tanış olmuşdur.
Xalçaçı rəssam Faiq Osmanov, dekorativ tətbiqi sənət ustası Vilayət Qurbanov və şərabçılıq mütəxəssisi Namiq Vəliyev nümayiş etdirdikləri məhsullar barədə merə ətraflı məlumat vermişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Reyms