“Gələcəyin müəllimi” birinci açıq musiqi müsabiqəsi başa çatıb
Bakı, 6 may AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə birlikdə keçirdiyi “Gələcəyin müəllimi” birinci açıq musiqi müsabiqəsi başa çatıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş müsabiqənin mükafatlandırma mərasimi ADPU-da keçirilib.
Müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin musiqi müəllimliyi ixtisası üzrə təhsil alan bakalavr və magistr tələbələri iştirak ediblər.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, iştirakçıların yaradıcılıq inkişafını, müəllimlik fəaliyyətində yüksək peşəkarlığa malik, rəqabətədavamlı mütəxəssislərin, gələcəkdə cəmiyyətə layiqincə xidmət edən kadrlar hazırlanmasını məqsəd kimi qarşıya qoyan müsabiqə gərgin mübarizə şəraitində keçib. Müsabiqənin seçim mərhələsində 81 namizəd arasından ən layiqliləri seçilərək növbəti mərhələyə buraxılıb.
ADMİU-nun kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyevanın layihəsi əsasında keçirilən müsabiqənin təşkilat komitəsi və münsiflər heyəti peşəkar mütəxəssislərdən ibarət olub. Münsiflər “solo” (alətlər üzrə), “duet və ya ansambl” (instrumental, vokal) və “müəllim-tələbə dueti” olmaqla üç nominasiya üzrə qalibləri müəyyən ediblər.
Münsiflər heyətinin üzvləri müsabiqə iştirakçılarına sertifikatlar təqdim edib. Sonra müsabiqənin qalibləri elan olunub. Qaliblər diplom və pul mükafatı ilə təltif edilib. Sonda müsabiqə laureatlarının iştirakı ilə qala-konsert təqdim olunub.