İDMAN
Gənc güləşçilərimiz dünya çempionatında uğurla çıxış edirlər
Bakı, 13 avqust (AZƏRTAC). Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin dünya çempionatı start götürmüşdür.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, böyük məşqçi Şaban Donat və məşqçi Akif Əliyevin rəhbərliyi altında qitə ikincisi olan yunan-Roma güləşi üzrə yığmamızın üzvləri çempionatın ilk iki günü mübarizəyə qatılmışlar.
Belə ki, 50 kiloqram çəki dərəcəsində 1/8 finaldan mübarizəyə başlayan Ramiz Məmmədov Qazaxıstan güləşçisi Nurcan Satmaganbetlə görüşdən (6:5) qalib ayrılmışdır. Gürcü İrakli Şavadzeni asanlıqla məğlub edən (8:0) güləşçimiz yarımfinala yüksəlmişdir. Yarımfinalda R.Məmmədovun rəqibi Ukrayna təmsilçisi Aleksandr Trifonov olacaqdır.
Elman Muxtarov (60 kq) 1/8 finalda Macar Mate Krazsnaini (9:3) məğlub edərək 1/4 finala yüksəlmişdir. Qırğız idmançı Urmatbek Amatovu (6:1) üstələyən E.Muxtarov yarımfinala vəsiqə qazanmışdır. Final yolunda güləşçimizin rəqibi erməni güləşçisi Karen Aslanyan olacaqdır.
Ceyhun Əliyevin (74 kq) 1/8 finalda rəqibi Latviya güləşçisi Sergey Mironovs üzərində tam üstünlüklə (8:0) qələbə qazanmışdır. 1/4 finalda güləşçimiz qazax Abunassir Omirzakı (6:0) məğlub edib və yarımfinala yüksəlmişdir. Yarımfinalda Ceyhun Əliyevin rəqibi Ukrayna güləşçisi Andrey Antonyuk olacaqdır.
Tural Daşdəmirov (96 kq) 1/16 finalda Çin güləşçisi Minqjian Qu üzərində tam üstünlüklə (4:0) qələbə qazanmışdır. Ancaq 1/8 finalda iranlı Seyidmustafa Seyidqənbər Salehizadə ilə görüş güləşçimiz üçün uğurlu alınmamışdır (2:5). İdmançımız mübarizəni dayandırmışdır.