İDMAN
Gənc güləşçilərimiz dünya çempionatının ilk günündə iki medal qazanmışlar
Bakı, 14 avqust (AZƏRTAC). Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin dünya çempionatı start götürmüşdür.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, çempionatın ilk günündə 50, 60, 74 və 96 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparmışlar. Güləşçilərimiz ilk günü iki bürünc medalla başa vurmuşlar.
Ramiz Məmmədov (50 kq) Qazaxıstan güləşçisi Nurcan Satmaganbetlə görüşdən (6:5) qalib ayrılmışdır. Gürcü İrakli Şavadzeni asanlıqla məğlub edən (8:0) güləşçimiz yarımfinala yüksəlmişdir. Yarımfinalda Ukrayna təmsilçisi Aleksandr Trifonov uduzan Ramiz bürünc medal uğrunda görüşə çıxmışdır. Rumıniya güləşçisi Aleksandru Botezlə gərgin keçən görüşdə (7:7) qələbə rəqib güləşçiyə verilmişdir, Ramiz Məmmədov çempionatı beşinci sırada tamamlamışdır.
Elman Muxtarov (60 kq) Macar Mate Krazsnaini (9:3) məğlub edən idmançımız 1/4 finala yüksəlmişdir. Qırğız Urmatbek Amatovu (6:1) üstələyən E.Muxtarov yarımfinala yüksəlmişdir. Yarımfinalda erməni güləşçisi Karen Aslanyana uduzan Elman Muxtarov bürünc medal uğrunda görüşə çıxmışdır. Rusiya təmsilçisi Artur Süleymanovu (1:0) üstələyən güləşçimiz bürünc medala sahib olmuşdur.
Ceyhun Əliyevin (74 kq) 1/8 finalda rəqibi Latviya güləşçisi Sergey Mironovs üzərində tam üstünlüklə (8:0) qələbə qazanmışdır. 1/4 finalda güləşçimiz qazax Abunassir Omirzakı (6:0) məğlub edib və yarımfinala yüksəlmişdir. Yarımfinalda C.Əliyevin Ukrayna güləşçisi Andrey Antonyuka uduzmuşdur. Bürünc medal uğrunda həlledici görüşdə Ceyhun Əliyev qırğız Samat Şirdakovdan üstün olub və fəxri kürsünün üçüncü pilləsində qərarlaşmışdır.
Tural Daşdəmirov (96 kq) 1/16 finalda Çin güləşçisi Minqjian Qu üzərində tam üstünlüklə (4:0) qələbə qazanmışdır. Ancaq 1/8 finalda iranlı Seyidmustafa Seyidqənbər Salehizadə ilə görüş güləşçimiz üçün uğurlu alınmayıb (2:5) və idmançımız mübarizəni dayandırmışdır.
Çempionatın ikinci günündə 55, 66, 84 və 120 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.