CƏMİYYƏT
“Gənc xilasedici və yanğınsöndürən” yarışının final mərhələsi başlamışdır
Bakı, 20 dekabr (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində “Gənc xilasedici və yanğınsöndürən” yarışının final mərhələsi başlamışdır.
AZƏRTAC xəbər verir ki, yarış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman və Təhsil nazirliklərinin dəstəyi ilə Bakı şəhər məktəbləri arasında keçirilir.
Paytaxtın 11 rayon məktəbinin komandasının qatıldığı “Gənc xilasedici və yanğınsöndürən” yarışının final mərhələsi dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Ragim Lətifov bildirmişdir ki, bu yarış orta ümumtəhsil müəssisələri şagirdləri arasında fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən ibarətdir. Əsas məqsəd yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinin və fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsidir.
Təhsil nazirinin müavini Qulu Novruzov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər çıxış edənlər bildirmişlər ki, yarışın ilk dəfə keçirilməsinə baxmayaraq, şagirdlər tədbirdə böyük maraqla iştirak edirlər.
Qeyd olunmuşdur ki, məktəb şagirdlərinin belə tədbirlərə cəlb olunması onların hərbi biliklərinin artırılmasına kömək edəcəkdir.
Sonra dörd mərhələdən ibarət olan yarışa start verilmişdir.