REGİONLAR
Gənc yazıçı Sabrina Mədətovanın “Mənim doğma Naxçıvanım” kitabının təqdimatı olub
![Gənc yazıçı Sabrina Mədətovanın “Mənim doğma Naxçıvanım” kitabının təqdimatı olub](/files/2022/1/1200x630/1645618526975151859_1200x630.jpg)
Naxçıvan, 23 fevral, AZƏRTAC
Şərur rayon Aralıq kənd tam orta məktəbinin IX sinif şagirdi, gənc yazıçı Sabrina Mədətovanın “Mənim doğma Naxçıvanım” adlı yeni kitabının təqdimatı keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən muxtar respublikanın təhsil nazirinin müavini Heyran Əhmədova təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, muxtar respublikada təhsilin inkişafına yaradılan şərait gənclərimizin savadlı, dünyagörüşlü, yüksək intellektual səviyyəyə, geniş dünyagörüşə malik və vətənpərvər ruhda böyümələrinə, eyni zamanda xüsusi istedadı, bacarığı və qabiliyyəti ilə seçilən şagirdlərin üzə çıxarılmasına öz töhfəsini verir.
Çıxışda muxtar respublikanın ümumtəhsil məktəblərində kitabxanaların imkanlarından səmərəli istifadə olunması, ədəbiyyatımızın, mədəniyyətimizin təbliği və yaşadılması, şagirdlərin biliklərinin zənginləşdirilməsi məqsədilə keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib. Nazir müavini vurğulayıb ki, belə tədbirlərin davamı olaraq şagirdlərin milli ruhda tərbiyə olunması, azərbaycançılıq ideyalarına sadiq, müstəqil və yaradıcı düşünən və yazıçılığa həvəsi olan şagirdləri aşkar etmək məqsədilə 2021-2022-ci tədris ilində “Gənc istedadlar” müsabiqəsi elan olunub. Sevindirici haldır ki, bu gün məktəblilər arasında gənc istedadlar, yazar və şairlər var, onlar bu yolda ilk addımlarını atırlar. Bu gənc istedadlardan biri də Aralıq kənd tam orta məktəbinin IX sinif şagirdi Sabrina Gültəkindir ki, artıq onun 4-cü kitabının təqdimatı keçirilir. Bu görüşün yaradıcılığa, şeir yazmağa meyli olan məktəblilərə stimul verəcəyinə inanırıq. Belə tədbirlərin təşkil edilməsi və gələcəkdə də ənənə halına çevrilməsi yaradıcı şagirdlərin üzə çıxarılmasına öz töhfəsini verəcək. Təhsil nazirinin müavini yeni kitabın nəşri münasibətilə gənc yazıçını təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Əliyev anaya, Vətənə, torpağa bağlılıq hissləri ilə şeirlər yazan Sabrina Mədətovanın yaradıcılıq fəaliyyətini müsbət qiymətləndirib, ona bu yolda uğurlar arzulayıb, muxtar respublikada xüsusi istedadı və yaradıcılığı ilə seçilən şagirdlərin diqqət mərkəzində olduğunu vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvləri Hüseyn Əsgərov və Elxan Yurdoğlu gənc yazarın fəaliyyəti ilə bağlı fikirlərini səsləndiriblər, ona yaradıcılıq yolunda uğurlar arzulayıblar.
Şərur Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov və Aralıq kənd tam orta məktəbinin direktoru Elsevər Əliyev çıxış edərək, bu cür istedadlı şagirdlərin üzə çıxarılması, onların müxtəlif müsabiqə və yarışlarda, yaradıcılıqla bağlı keçirilən tədbirlərdə iştirakının əhəmiyyətini yüksək qiymətləndiriblər.
Sonra gənc yazıçı Sabrina Mədətova yeni əsəri ilə bağlı fikir və düşüncələrini bölüşüb, yaxşı təhsil alması üçün yaradılan şəraitə görə, yaradıcılıq yolunda ona dəstək olanlara minnətdarlığını bildirib. Tədbirdə iştirak edən şagirdlər tərəfindən müəllifin şeirlərinin bir neçəsi bədii qiraət olunub. Müəllif yeni kitabını şagirdlərə hədiyyə edib.