REGİONLAR
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbədənkənar yığıncağı keçirilib
Gəncə, 17 mart, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın növbədənkənar yığıncağı keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yığıncağı universitetin rektoru, professor Yusif Yusibov açaraq şura üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Sonra rektor iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
Uzun illər universitetdə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru işləmiş, mərhum Fəxrəddin Məmmədovun xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra həmin vəzifəyə təyinat alan Xurşudov Şahin Nadir oğlunun təqdimatı keçirilib.
Şura üzvləri Şahin Xurşudovun universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunmasını yüksək dəyərləndirərək bildiriblər ki, o, uzun illərdir ali təhsil ocağının kollektivi arasında böyük hörmət və nüfuz qazanıb.
Xurşudov Şahin Nadir oğlu çıxış edərək tərcümeyi-halı və elmi uğurları barədə şura üzvlərinə ətraflı məlumat verib. Şura üzvləri onu təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonra gündəlikdə duran ikinci məsələ - coğrafiya kafedrası müdirinin 5 illik fəaliyyəti ilə bağlı hesabatı dinlənilərək müzakirə edilib. Şura üzvləri kafedranın fəaliyyətini qənaətbəxş hesab ediblər.