ELM VƏ TƏHSİL
Gəncə idman məktəbinin yetirməsi sambo yarışlarında gümüş medal qazanıb
![Gəncə idman məktəbinin yetirməsi sambo yarışlarında gümüş medal qazanıb](/files/2015/2/1200x630/1435068055389324170_1200x630.jpg)
Bakı, 23 iyun, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində keçirilən sambo yarışlarında Təhsil Nazirliyinin Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Amil Qasımov gümüş medal qazanıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışlarında 74 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız ilk görüşlərində sloveniyalı Tadey Cutuk, gürcüstanlı Kaxa Mamulaşvili və bolqarıstanlı Martin İvanovu üstələyib. Finalda A.Qasımov Belarus təmsilçisi Stepan Popovla qarşılaşıb və gərgin mübarizədən sonra rəqibinə məğlub olub.
Təhsil Nazirliyinin “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində keçirilən yarışlarda uğur qazanan idman məktəblərinin yetirmələrinin sayı üçə çatıb. Belə ki, bundan əvvəl İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsi Eldar Səfərov gimnastika, Abşeron Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Hacı Əliyev güləş yarışlarında fərqləniblər.