SİYASƏT
Gəncə ilə Olomouts şəhərləri arasında əlaqələr müzakirə olunacaqdır
Bakı, 23 aprel (AZƏRTAC). Çexiyanın Olomouts vilayətinin qanunverici orqanı olan Rada Azərbaycanın Gəncə şəhəri ilə Olomouts şəhəri arasında əməkdaşlıq haqqında protokolu təsdiqləmişdir. Bundan sonrakı mərhələdə iki şəhər arasında “Qardaşlaşmış şəhərlər elan olunması barədə” saziş imzalanacaqdır.
Olomouts şəhərindəki Azərbaycan icmasından AZƏRTAC-a verilən məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 26-da Olomouts şəhərinə səfəri gözlənilir. Səfər çərçivəsində Elmar Vəliyev və şəhər qubernatoru Martin Tesharik əməkdaşlıq imkanlarını müzakirə edəcək, iqtisadiyyat, təhsil və turizm sahələrində perspektivləri nəzərdən keçirəcəklər. E.Vəliyevin səfərindən sonra Olomouts qubernatorunun da Gəncəyə səfəri planlaşdırılır.
Olomouts ərazisinə görə Çexiyanın 5-ci böyük vilayətidir. Vilayətin əhalisinin sayı 100 min nəfərdir. Gəncə ilə Olomouts rəhbərliyi arasında əlaqələr 2009-cu ilin aprelindən etibarən yaranmışdır. O zaman Olomoutsun nümayəndə heyəti Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Gəncəyə səfər etmişdi.