SİYASƏT
GƏNCƏDƏ BƏLƏDİYYƏ SEÇKİLƏRİ MÜTƏŞƏKKİL KEÇİR
Gəncə, 23 dekabr (AZƏRTAC). Gəncədə 4 dairə üzrə 104 açıq və 8 qapalı seçki məntəqəsində bələdiyyə seçkilərinə mütəşəkkilliklə başlanılmışdır. Qeyd edək ki, 141 mindən çox seçici Kəpəz və Nizami rayonlarının bələdiyyə üzvlüyünə namizədliyini irəli sürmüş 87 nəfərə öz münasibətini bildirməlidir.
Səhər tezdən seçki məntəqələrində seçicilər heç bir təzyiq olmadan istədikləri namizədlərə səs verməyə başlamışlar. Seçkiləri 1600 nəfərdən çox müşahidəçi izləyir və onlar hələlik qanun pozuntusuna yol verilmədiyini bildirirlər.
40 saylı Kəpəz ikinci seçki dairəsi dairə seçki komissiyasının sədri Azad İbrahimovun verdiyi məlumata görə, məntəqələrdə seçkiləri müşahidə etmək üçün 419 nəfər qeydiyyatdan keçmişdir. Onlardan 205-i siyasi partiyaların, 28-i qeyri-hökumət təşkilatlarının təmsilçiləri, 186-sı isə öz təşəbbüsü ilə müşahidəçi olanlardır.
Nizami birinci və ikinci, Kəpəz birinci seçki dairələrinin əhatə etdiyi seçki məntəqələrində də seçkilər mütəşəkkilliklə davam edir. 37 saylı Nizami birinci seçki dairəsinin 8 saylı məntəqəsində səs verən ağsaqqal Elman Bağırov deyir ki, ölkəmizdə seçki təcrübəsinin ildən-ilə zənginləşməsi məni sevindirir. Bu təcrübə dünya birliyi ölkələri arasında müstəqil respublikamızın öz mövqeyini daha da möhkəmləndirməsini təmin edir.
Dairə seçki komissiyalarından alınan məlumata görə, artıq saat 12.00-dək Gəncə üzrə seçicilərin 30 faizi məntəqələrə gələrək seçkilərdə iştirak etmişdir.