Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycanda 17-ci humanitar missiyası başa çatıb
Ağdam, 3 iyun, AZƏRTAC
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı Nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Yaponiyanın “Fuji Optical” şirkətinin görmə qabiliyyətinin yaxşılaşdırılması üzrə Azərbaycanda 17-ci humanitar missiyası başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Fuji Optical” şirkətinin sahibi doktor Akio Kanai və 6 optometrist mütəxəssisdən ibarət heyət mayın 28-dən başlayaraq üç gün Ağdam rayonunun Quzanlı qəsəbəsində, üç gün isə Bərdə rayonunda 866 mənzilli qəsəbədə 3250 nəfər keçmiş məcburi köçkün və digər həssas qruplardan olan şəxsləri göz müayinəsindən keçiriblər. Aksiya zamanı müayinə olunan şəxslərə 3 mindən çox yüksəkkeyfiyyətli eynək paylanıb, 150 nəfər üçün isə xüsusi eynəklərin Yaponiyada hazırlanması və bir neçə aydan sonra pasiyentlərə çatdırılması qərara alınıb.
“Fuji Optical” şirkətinin 6 optometrist mütəxəssisdən ibarət heyəti 2005-ci ildən başlayaraq hər il məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə ödənişsiz göz müayinəsi aparır və yüksəkkeyfiyyətli optik eynəklərin paylanışını həyata keçirir. Şirkət BMT-nin Qaçqın Agentliyi vasitəsilə Azərbaycana 70 mindən artıq eynək ianə edib və bu eynəklər əsasən məcburi köçkünlərə paylanılıb. Azərbaycana indiyədək ianə olunan eynək və eşitmə aparatlarının ümumi dəyəri 2,7 milyon ABŞ dollarından çoxdur. Buraya 74 min 733 ədəd eynək, 695 ədəd linza və 612 ədəd eşitmə aparatı daxildir.
Şirkət, həmçinin COVID-19 pandemiyası zamanı görmə və eşitmə cihazlarını ianə etməklə dəstəyini davam etdirib. Beləliklə, Doktor Akio Kanainin rəhbərlik etdiyi “Fuji Optical” şirkətinin Azərbaycana humanitar dəstək göstərməsinin 20-ci ili tamam olur. Şirkət 1984-cü ildən bütün dünyada qaçqınların və məcburi köçkünlərin görmə qabiliyyətinin yaxşılaşdırılması üçün əməli işlər görür. Doktor Kanainin diqqətəlayiq töhfələri 2006-cı ildə nüfuzlu Nansen Qaçqın Mükafatı ilə dəyərləndirilib. Həmin mükafat çərçivəsində verilən 100 min ABŞ dolları məbləğində vəsait Akio Kanai tərəfindən BMT QAK-a bağışlanıb və bu vəsaitdən Beyləqan rayonunda müvəqqəti məskunlaşmış Xocavənd rayonundan olan məcburi köçkün icmasının su təchizatının yaxşılaşdırılması layihəsinin maliyyələşdirilməsi üçün istifadə olunub.
Bundan əlavə, Yaponiyanın “Yomiuri” qəzetinin doktor Akio Kanaiyə verdiyi nüfuzlu “Yomiuri – Şinbon Beynəlxalq Əməkdaşlıq” mükafatından əldə olunan 5 milyon yapon yeni (təqribən 44 min ABŞ dolları) məbləğində vəsait 2018-ci ildə Azərbaycana - Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna bağışlanıb. Həmin vəsait Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıtmış məcburi köçkünlərin istifadəsi üçün kənd təsərrüfatı texnikasının alınmasına xərclənib.