Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb
Lənkəran, 13 iyun, AZƏRTAC
Respublikanın bütün ümumtəhsil müəssisələrində olduğu kimi, cənub bölgəsinin məktəblərində də 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbirləri keçirilib. Məzunlar üçün əlamətdar günə çevrilən tədbirlərdə şagirdlərin məktəb illərinə vida etməsi xüsusi coşqu ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində və Lənkəran şəhəri Mehman Bağırov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan “Son zəng” tədbirlərində əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb, dövlətə və cəmiyyətə faydalı vətəndaş, ailələrinə layiqli övlad olmalarının vacibliyini vurğulayıblar.
Daha sonra tədbir məktəblilərin hazırladığı bədii proqramla davam edib.
Qeyd edək ki, 2025–2026-cı tədris ilində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ümumilikdə 8 235 nəfər şagird XI sinfi bitirərək məzun adını qazanıb.
Müxbir - İlkin Adıyev