İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar
Bakı, 13 iyun, AZƏRTAC
Xırdalan şəhər 1 nömrəli orta məktəbinin 4R sinif şagirdləri riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasında uğurla iştirak edərək yüksək bilik və hazırlıq nümayiş etdiriblər.
Olimpiadanın qalibinin anası Aytən Həsənova AZƏRTAC-a bildirib ki, oğlu Emil Həsənov 2200 bal toplayıb. Sadiq Orucov da 2300 bal toplayaraq olimpiadanın qalibi olub. Bu, hər iki şagirdin belə bir intellektual yarışda ilk iştirakı olub.
Sadiq Orucovun sözlərinə görə, olimpiadada iştirak onun üçün öz biliklərini sınamaq və qeyri-standart məsələləri həll etmək fürsəti olub. Sualların çətinliyinə baxmayaraq, o, ən yaxşı nəticəni əldə edə və birinci yeri tuta bilib.
Emil Həsənov isə bildirib ki, qələbə qazandığı barədə öyrənəndə çox sevinib.
“Uğur qazandığıma çox sevindim, hərçənd suallar çətin idi. Bu, mənim üçün ilk olimpiada, əla təcrübə oldu. Gələcək olimpiadalarda iştirak etmək üçün daha çox çalışacağam”, - deyə Emil Həsənov əlavə edib.
Qaliblərin sinif yoldaşı Nicat İbrahimov da 1700 bal toplayaraq layiqli nəticə əldə edib və iştirakçı sertifikatı alıb. Məktəbli hesab edir ki, uğurun açarı özünəinamda, müntəzəm oxumaqda, riyazi və məntiqi məsələlərin həllində qazanılan daimi təcrübədədir.
Şagirdlərin uğuru məktəb üçün qürur mənbəyidir. Bu nailiyyət, həmçinin Azərbaycan məktəbliləri arasında dəqiq elmlərə marağın artmasının daha bir göstəricisidir.