“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir
Bakı, 13 iyun, AZƏRTAC
Bakıda özünüdərkə, sağlamlığın möhkəmləndirilməsinə və şəxsiyyətin ahəngdar inkişafına səy göstərən yüzlərlə iştirakçını bir araya gətirən “Nine Senses Fest – 2026” mənəvi və cismani Beynəlxalq Festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, festival proqramına fiziki və emosional rifahın inkişafına yönəlmiş yoqa, meditasiya və digər təcrübələr üzrə müxtəlif dərslər daxildir.
Festivalın ikinci günündə iştirakçılar Lev İvanovun “Bütün gün ərzində enerji və güc” adlı ustad dərsində, həmçinin İmram Kriyanın şüurluluq, daxili tarazlıq və insan potensialının açılmasına həsr olunmuş “Həyat elmi” mühazirəsində və praktik sessiyasında iştirak ediblər.
Daha sonra festivalın qonaqlarını Pavel Piskaryovun şəxsi inkişaf və özünüdərk üçün vasitələri nəzərdən keçirəcək “NeyroAğac: Köklərdən inkişafa” adlı praktik sessiyası gözləyir. Günün proqramı satsanq və İmram Kriyanın konsert çıxışı ilə başa çatacaq.
Festival məkanında, həmçinin sağlam həyat tərzinə, özünüinkişafa, yaradıcılıq və şüurlu istehlaka həsr olunmuş məhsullar, orijinal layihələr və təşəbbüslər təqdim edən tematik yarmarka da fəaliyyət göstərir.
Xatırladaq ki, “Nine Senses Fest” Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Yoqa Federasiyasının prezidenti və “Nine Senses” incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə artıq üçüncü ildir ki, Bakıda keçirilir.
2026-cı il festivalı “Köklərdən inkişafa” devizi altında keçirilir. Onun rəmzi insanın öz kökləri ilə əlaqəni, daxili dəstəyi və davamlı inkişafı təmsil edən ağacdır. Təşkilatçıların sözlərinə görə, müasir insan bəzən dayanmalı, öz səsini dinləməli və yeni inkişaf nöqtələri tapmalıdır.
Festival iyunun 12-də başlayıb və iki gün qədər davam edəcək. Tədbirlər Bakıdakı altı məkanda və “Sea Breeze” kurort kompleksində keçirilir. Bu il “Nine Senses Fest” dünyanın hər yerindən təxminən 1500 iştirakçı və 80 mütəxəssisi bir araya gətirir. Festival proqramına hatha-yoqa, kundalini-yoqa, tsiqunu, sound healing, neyrogimnastika, tənəffüs və meditasiya təcrübələri, həmçinin mühazirələr, ustad dərsləri, yaradıcı görüşlər daxildir.