Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
Bakı, 13 iyun, AZƏRTAC
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı səsləndirilib.
Açılış mərasimində çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud qeyd edib ki, İçərişəhər əsrlər boyu müxtəlif mədəniyyətlərin, adət-ənənələrin və sivilizasiyaların qovuşduğu məkan olub. “İçərişəhərdə Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin keçirilməsi də əlamətdar hadisədir. Bu gün də İçərişəhər fərqli xalqların mədəniyyətini, musiqisini və incəsənətini təqdim edən mühüm mədəni platforma kimi fəaliyyət göstərir və onun qapıları hər zaman mədəniyyətə açıqdır”, - deyə Rüfət Mahmud əlavə edib.
Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel, Baş nazirin müavini və turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu və Azərbaycan Milli Məclisinin Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri Cavanşir Feyziyev də çıxış ediblər. Onlar Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıblar.
Bildirilib ki, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir, əməkdaşlıq əlaqələri genişlənir, mədəniyyət və incəsənət sahəsində birgə layihələr həyata keçirilir.
Sonra Şimali Kipr Türk Cümhuriyyətinin incəsənətini və milli-mənəvi dəyərlərini əks etdirən musiqi nömrələri nümayiş olunub.